Monteneqroya vizasız səyahətim: Görməli yerlər və faydalı ipucları

Turizm | Səyahət
Our Lady of the Rocks
Paylaş

Salam, səyahətsevərlər! Bu gün sizi Monteneqroya etdiyim səyahətimlə tanış etmək istəyirəm. Bəli, Azərbaycan və Monteneqro arasında viza rejimi yoxdur. Lakin Monteneqro 2028-ci ilə kimi Şengen birliyinə daxil olacağı gözlənilir. Onun üçün nə qədər ki, vizasızdır, bu gözəl ölkəyə səyahət etməyə dəyər.

Monteneqro

Monteneqro, Balkanların incisi adlandırılan bu kiçik ölkə, təbiəti, tarixi və mədəniyyəti ilə məni heyran etdi. Bu blog yazısında sizə səyahətim zamanı gördüyüm görməli yerləri və qarşılaşdığım təcrübələri bölüşəcəm. Həmçinin, Monteneqroya səyahət planlayanlar üçün faydalı ola biləcək ipucları da verəcəm. Hazırsınızsa, başlayaq!

Monteneqroya səyahətimi planlaşdırmaq çox ani baş verdi. Mən tur paketini 10 iyun tarixində aldım və artıq 13 iyunda yola düşdüm. Səbəb isə qaynar tur fürsətindən istifadə etməyim oldu. Qaynar turların ən böyük üstünlüyü odur ki, qiymətlər adətən iki qat ucuz olur, üstəlik gündə iki dəfə yemək də daxil idi. Biz iki nəfər üçün (aviabilet gediş-dönüş, otel, transfer, sığorta) cəmi 1180 avro ödədik ki, bu da belə səyahət üçün əla qiymətdir. Təbii ki, belə turlarda qərar vermək və yola düşmək üçün az vaxtın olur, amma qənaət baxımından çox sərfəlidir.

Həmçinin oxu:

Qaynar tur nədir?

Qaldığım otel: Slovenska Plaza | 6 gecə 7 gün

Air Monteneqro ilə Podqoriça şəhərinə yola düşdük və Avtobus ilə Budvaya çatdıq. Budvada yerləşən Slovenska Plaza otelində qaldıq. Otel 4 ulduzlu olsa da, xidmət və şərait baxımından tam 5 ulduz səviyyəsində idi. Otel dənizin tam kənarında yerləşir və ərazisi olduqca genişdir. Gözəl və böyük hovuzu, uşaqlar üçün oyun parkları, təmirli və təmiz otaqları var idi. Oteldə ən çox bəyəndiyim yunan stilində və hər tərəfin güllər, çiçəklər, yaşıl bitkilərlə dolu olması oldu. Balkonlar isə xüsusi vurğulanmağa layiq idi – hər səhər orada oturub mənzərədən zövq almaq əsl istirahət idi.

Slovenska Plaza club tipli oteldir və hər villaya bir gül adı verilib. Bizim qaldığımız villa “Ruzmarine” adlanırdı və həyətində çoxlu ruzmarin kolları var idi. Oteldən Budvanın məşhur tarixi hissəsi – Stari Grad-a cəmi 1 km məsafə var idi. Rahatlıqla piyada gedib, şəhərin dar küçələrində gəzişib, sonra yenə otelə qayıda bilirdik. Ən maraqlısı isə Stari Grad-a gedən yol boyu sahil kənarında canlı musiqi çalınan restoranların yanından keçmək idi. Həmin ərazinin aurası və ab-havası insana xüsusi bir enerji verir. Restoranlarda qiymətlər turistik yerə görə elə də baha deyil. Kofe 2-4 avro, çaxır 6 avro, yeməklər 10-20 avro.

Obala Restoran Monteneqro

Əsl ipuclarını blogun sonunda yazacam. Əgər Monteneqroya səyahət planlayırsansa, yazını axıra kimi oxumağın məsləhətdir.

Səyahətimin gedişatı: Ekskursiyalar və təəssüratlar

Monteneqroya çatdıqdan sonra ilk dayanacağımız Budva və Slovenska Plaza oteli oldu. Səhəri gün turoperatorumuz müxtəlif ekskursiyalar təklif etdi. Mən isə cəmi iki ekskursiya seçdim: Monteneqro gəmi turu və Albaniya turu. Ekskursiyaları istəsəniz əvvəlcədən də ucuz ala bilərsiniz. Bunun üçün Getyourguide vebsaytı var.

Monteneqro gəmi turu

Monteneqro gəmi turu
Perast

Bu turun qiyməti bir nəfər üçün 40 avro idi. Səhər avtobus bizi oteldən götürüb Tivat şəhərinə apardı. Oradan gəmi turumuz başladı. İlk dayanacaq Qolubaya Peşera (Mavi Mağara) oldu. Burada istəsəniz, əlavə 10 avro ödəyib kiçik qayıqla mağaranın içərisinə girə və ya sadəcə çimərlikdə dincələ bilərsiniz.

Mavi Mağara
Mavi Mağara

Daha sonra gəmi bizi Herceg Novi şəhərinə apardı. Herceg Novi Monteneqronun ən qədim şəhərlərindən biridir və Aralıq dənizi ab-havası, dar küçələri, qədim qalası və limanı ilə məşhurdur. Şəhərdə gəzişmək üçün təxminən 1-1,5 saat vaxtımız oldu.

Herceg Novi
Herceg Novi

Növbəti dayanacaq Our Lady of the Rocks (Qayalar üzərindəki Xanım) adası idi. Bu, süni şəkildə yaradılmış kiçik bir adadır və üzərində gözəl bir kilsə yerləşir. Əfsanəyə görə, balıqçılar burada bir ikon tapıb və hər dəfə dənizdən daş gətirərək adanı böyüdüblər. İndi isə bu ada Monteneqronun ən məşhur ziyarət yerlərindən biridir.

Our Lady of the Rocks
Our Lady of the Rocks

Sonda gəmi bizi Kotor şəhərinə apardı. Kotor, UNESCO-nun Dünya İrsi siyahısında olan, dağların və dənizin qovuşduğu, tarixi və memarlığı ilə seçilən bir şəhərdir. Burada məşhur İçəri Şəhərdə (Stari Grad) gəzdik, Moritz Eis dondurmasından dadıb, Pizza Pronto-da ləzzətli pizza yedik. Kotorun maraqlı xüsusiyyətlərindən biri də şəhərdə çoxlu pişiklərin olmasıdır. Rəvayətə görə, bir vaxtlar şəhəri siçanlar bürüyüb və hökmdar hər yerdən pişik gətizdirib. İndi isə pişiklər Kotorun simvoluna çevrilib və hətta “Kotorun cangüdənləri” adlandırılırlar.

Kotor pişiyi
Kotor pişikləri

Kotor körfəzi və ətrafındakı dağlar inanılmaz mənzərə yaradır. Şəhərin köhnə hissəsində dar küçələrdə gəzmək, qədim kilsələri və qalaları kəşf etmək çox maraqlıdır. Ən yaddaqalan anlardan biri isə Kotor qalasına qalxmaq oldu – yuxarıdan şəhərə və körfəzə açılan mənzərə sadəcə möhtəşəmdir.

İpucu: Qalaya qalxmaq üçün rahat ayaqqabı geyin və su götürməyi unutma, çünki yol bir az dikdir.

Kotor
Qaladan Kotora açılan mənzərə

Turun sonunda gəmi bizi yenidən Tivat limanına qaytardı, oradan da avtobusla Budvadakı otelimizə qayıtdıq. Hər şəhərdə gəzmək üçün kifayət qədər vaxt ayrılırdı, çünki şəhərlər balaca və rahatdır.

Albaniya turu

İkinci gün isə Albaniyaya ekskursiyaya getdik. Qeyd edim ki, Albaniya müsəlman ölkəsidir, əhalinin 90 faizi müsəlmandır. Bu turun qiyməti bir nəfər üçün 55 avro idi. Səhər avtobusa minib sərhədi rahatlıqla keçdik – pasport yoxlaması belə olmadı.

İlk dayanacağımız Rozafa qalası oldu. Rozafa qalası Şkodra şəhərinin yaxınlığında yerləşir və qədim tarixə malikdir. Əfsanəyə görə, qalada bir qadın – Rozafa – divarın içində diri-diri basdırılıb ki, qala möhkəm dayansın. Qalanın divarlarından şəhərə və gölə möhtəşəm mənzərə açılır.

Kanan Valizada
Rozafa

Sonra Şkodra şəhərinə getdik. Şkodra Albaniyanın ən qədim və maraqlı şəhərlərindən biridir. Burada mərkəzi küçədə gəzdik, alış-veriş üçün imkanlar çox idi və qiymətlər Monteneqroya nisbətən xeyli ucuz idi. Şəhərdə hər yerdə bunkerlər görmək mümkündür – bu, Albaniyanın keçmişindən qalan izlərdir. Bir vaxtlar ölkənin prezidenti təhlükəsizlik üçün minlərlə bunker tikdirib və indi onlar ölkənin simvoluna çevrilib, hətta suvenir kimi də satılır.

Burada kafelər çox ucuzdur. Mən “Oraldi Pastry and Coffee Shop” adlı kafedə dayandım və cəmi 3 avroya iki dondurma aldım – dadı isə əla idi! Hətta məşhur Moritz Eis-dən daha çox xoşuma gəldi.

Ekskursiyanın sonunda bizi Mesi körpüsünə apardılar. Bu körpü Osmanlılar tərəfindən tikilib və bölgənin tarixi abidələrindən biridir. Sonda isə sərhəddə avtobus saxladı və biz Skandarbek konyakı, çay, bal və zeytun yağı aldıq. Xüsusilə Albaniya zeytun yağları ilə məşhurdur.

Mesi Körpüsü

Monteneqroya səyahət üçün faydalı ipucları

Sonda Monteneqroya və Albaniyaya səyahət etmək istəyənlər üçün bir neçə məsləhət:

  • Rent a car götürmək istəyirsinizsə, ən ucuz variantı hava limanında Renault stendində tapa bilərsiniz (günlük 30 avro). Budva şəhərində isə qiymətlər 45-50 avrodan başlayır.
  • Turist sim kartı alın – 500 GB internet cəmi 15 avroya başa gəlir. Əgər daha ucuz istəyirsinizsə, Airalo tətbiqindən istifadə edə bilərsiniz (5-8 avro). Amma Airalo üçün telefonunuz eSIM-i dəstəkləməlidir.
  • Offline xəritə üçün maps.me proqramını yükləyin, beləliklə internet olmadan da rahat hərəkət edə bilərsiniz.
  • Nağd pul götürmək vacibdir, çünki kartla ödəniş hər yerdə keçmir və bankomatdan pul çıxaranda əlavə komissiya tutulur.
  • Qiymətlər Monteneqroda Albaniyaya nisbətən bir az bahadır, amma hər iki ölkədə də yerli məhsulları və suvenirləri almağa dəyər.

Monteneqroda Azərbaycan izi: Dostluq, investisiya və yaşamaq imkanları

Monteneqroya səyahətim zamanı məni ən çox təəccübləndirən məqamlardan biri, burada Azərbaycanı kifayət qədər yaxşı tanımaları oldu. Söhbət etdiyim bir neçə yerli, ölkəmiz haqqında xoş sözlər dedi və hətta bildirdilər ki, vaxtilə azərbaycanlılar Monteneqroya xeyli investisiya qoyublar. Eşitdiyimə görə, şəhərlərdəki asfalt yolları bizim məşhur şirkətlərdən biri çəkib, üstəlik burada azərbaycanlılara məxsus otellər də var.

Monteneqro ilə Azərbaycan arasında dostluq münasibəti təkcə biznes sahəsində deyil, mədəniyyət və gündəlik həyatda da hiss olunur. Məsələn, Avroviziya müsabiqəsində Monteneqro tez-tez Azərbaycana 12 xal verir. Bu, iki ölkə arasında isti münasibətin bir göstəricisidir.

Səyahətim zamanı həm də öyrəndim ki, Monteneqro investisiya və yaşamaq üçün çox əlverişli ölkədir. Burada evlərin 1 kvadratmetri 1500-2000 avrodan başlayır və turistik potensialı olduqca yüksəkdir. Əgər burada ev alsan, sənə oturum izni verirlər. Hətta adi bir şirkət açsan belə, oturum izni almaq mümkündür. Monteneqro yaxın vaxtlarda Şengen zonasına da daxil olmağa hazırlaşır, yəni burada yaşamaq və investisiya etmək üçün perspektivlər getdikcə daha da genişlənir.

Qısacası, Monteneqro həm səmimi münasibəti, həm də gələcək üçün açıq imkanları ilə azərbaycanlılar üçün maraqlı və əlverişli bir ölkədir.

Monteneqroya qaynar turlardan necə xəbər tutmaq olar?

Qaynar turlardan xəbər tutmaq üçün ən yaxşı yol, community-lərə üzv olmaqdır. Biz də bu məqsədlə “Ucuz Bilet” adlı WhatsApp və Telegram qrupları yaratmışıq. Bu qruplara abunə olaraq, ən son qaynar turlar haqqında məlumatı ilk siz əldə edə bilərsiniz.

➡️ “Ucuz Bilet” WhatsApp kanalına abunə ol: LİNK
➡️ “Ucuz Bilet” Telegram qrupuna qoşul: LİNK

Kanal, sərfəli səyahət etmək istəyən hər kəs üçün açıqdır. 😊Bu kanalda ən sərfəli aviabilet təkliflərini, viza xəbərlərini, endirimləri və faydalı məsləhətləri tapacaqsan. 🔥

Qaynar turlar səyahət xəyallarınızı reallaşdırmaq üçün əla bir fürsətdir. Bu məsləhətlərə əməl edərək, sən də sərfəli qiymətə səyahət edə bilərsən!

Məni izləyin: Facebook | Instagram | Youtube | Tiktok | Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir